İndoneziyada oyanan vulkan Yaponiyanı narahat edir | VİDEO

İndoneziyada oyanan vulkan Yaponiyanı narahat edir     | VİDEO
  07 İyul 2025    Oxunub:1309
İndoneziyanın Flores adasında yerləşən Levotobi vulkanı püskürüb.
AzVision.az xəbər verir ki, bu barədə Yaponiyanın meteorologiya xidməti məlumat yayıb. Sinoptiklər vulkanın yerli vaxtla təxminən 12:10-da (Bakı vaxtı ilə 07:10) püskürməyə başladığını bildirirlər. Dalğa əmələ gələcəyi halda, onun yerli vaxtla təxminən 15:30-da (Bakı vaxtı ilə 10:30) Yaponiya sahillərinə çata biləcəyi deyilir. Yapon mütəxəssislər hazırda sunami ehtimalını öyrənirlər.

Levotobi iki zirvəyə malik vulkandır. Onun daha aktiv hissəsi olan Levotobi Laki-laki 1584 metr hündürlükdədir və daha yüksək Perempuan zirvəsindən (1703 m) iki kilometr aralıda yerləşir.
İndoneziya Sakit Okeanın odlu halqasında, yüksək seysmik aktivliyə malik bölgədə yerləşir. Ölkədə olan 500-dən çox vulkandan 130-a yaxını aktivdir.

Qeyd edək ki, keçən həftə Yaponiyanın Miyadzaki və Kaqosima prefekturalarının sərhəddində yerləşən Simmoe vulkanı hündürlüyü 5 km-dən çox olan güclü kül sütunu buraxıb. Alimlərin məlumatına görə, bu, 2018-ci ildən bəri ilk belə əhəmiyyətli püskürmədir. Kül 50 km radiusda ərazini əhatə edib. İyunun sonunda Simmoe 500 m hündürlüyə qədər püskürmə ilə orta aktivlik nümayiş etdirib.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: İndoneziya   vulkan  



Xəbər lenti